Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Göyün altında sükut var...” - Paşa Talıblı  

Mən sözü torpağa gec əkdim bir az...

... ümidim olmadı bu gələn yaza,
mən sözü torpağa gec əkdim bir az.
Neylim, bu ümidnən çata bilmədim,
sözün meydanına gecikdim bir az.

Sözün meydanına gecikdim bir az,
elə hey "gecikdin" dedilər, neylim!
... yedilər payımı ümidyeyənlər,
bu yaz ümidimi yedilər, neylim!

Dedilər yeməkdən ümid yaxşıdı...
... bir əlim daş oldu, bir əlim yazan!
Mən sözü torpağa gec əkdim bir az...
... ümidim olmadı bu gələn yaza!


Alatoran...

... göy yenə qədim, qovğalı
mis gecədə Ay altundan.
... alatoran ətri gəlir
bədirlənmiş Ay altından.

Öz dilində nəsə deyir –
ota, ağaca, buluda...
Gedir gedəcəyi yerə
Ay gecədən tuta-tuta.

... buludlar yük arabası –
yerlə-göyün arasında.
... alatoran çıxır yenə
yaş gecənin qarasından.

... göy yenə qədim, qovğalı –
azı Aydı, çoxu gecə!
... bədirlənmiş Ay altından
alatoran doğur gecə!


Haradasınız baxt umanlar...

... səssiz-səssiz köpüklənir,
çulğalaşır ağ dumanlar.
Odur e... ağarır gecə,
hardasınız, baxt umanlar?

... öz içində azan bulud,
suya zəncirlənmiş gəmi.
... göyün altında sükut var –
səssizliyin yorğun qəmi!

... nə varsa, bir üzü haqdı –
ya özü, ya da şəkili.
... yığır özünü gecədən,
Ay da xəlvətə çəkilir!

Sular da bilir işini,
üzünə yosun çəkəcək.
... ayrılıqdan danışmayın,
gecədən uzun çəkəcək.

... səssiz-səssiz köpüklənir,
çulğalaşır ağ dumanlar.
Odur e... ağarır gecə,
hardasınız, baxt umanlar?


Ən içməli su...

... yazılmamış son alındı,
nə tökülsə su alındı.
... yorğundu, könlüyalındı
sənə yazdığım şerlər.

... ya özüdü, ya xasıdı,
bir buludun yaxasıdı.
... balıqların yuxusudu
sənə yazdığım şerlər.

... yurddusa köçməlisidi,
günahsa, keçməlisidi.
... suyun ən içməlisidi
sənə yazdığım şerlər.

... bir hərfi dumanı deşir,
bir hərfi durnanın döşü.
İlahi, yadına düşür
sənə yazdığım şerlər?!


Demokl qılıncı...

... varaq da elə bil qərib qəddidi!
Demirəm, qələmin hələ qəddini...
... "Allaha yaxınam"– deyib keçməsin;
Lələ də keçməsin lələ həddini.

... ya Lələ şələni, ya şələ... nəsə!
Hər sapa mirvari düzülmədi ki!..
... "Boyum tükdən nazik" – deyib üzülmə,
haqq da çox nazildi, üzülmədi ki!

... "tükdən asılıyam" – deyib ağrıma!
Taledi, görürsən tək də asqırır...
... haqq da çox nazildi, üzülmədi ki!
Demokl qılıncı da tükdən asılı!


Keç günahından könlümün...

... könlümün nəyi yoxdu ki,
dərdin şahından varıdı.
Mülkü yernən bərqərardır,
həm Allahından varıdı.

... daşda güldü, güldə vədə,
çuxasında qəza-qədər.
Hələ qiyamətə qədər
Məcnun ahından varıdı.

Dediyi haqdı, demirəm!
... ucadı taxtı, demirəm!
...günahı yoxdu, demirəm!
Keç günahından... varıdı.


Dərviş könülsüzmü gərək...

... mən də eşq ilə canında
tufan əsdirən dərvişəm.
Eh... bir gün canından küsən,
bir gün küsdürən dərvişəm.

... barım var, bağ yerim yoxdu,
qarayam, ağ yerim yoxdu.
Canımda sağ yerim yoxdu,
yara düzdürən dərvişəm.

... əlliyə əlsizmi gərək,
dilliyə dilsizmi gərək.
Dərviş könülsüzmü gərək...
Könül gəzdirən dərvişəm.


Ömrün çiçəklənən dövrü...

... onda tarix daş dövründən qalırdı,
mixilərdə yazı döymə-döymədi.
Onda ömrün bərəsində ov vardı...
Oxçuların oxu ötdü dəymədi.

Onda ömrün çiçəklənən dövrüydü...
Dəm-dəstgahı kəm olacaq, bilmirdim!
Mən sonuncu şairiydim o dövrün...
Məndən sonra kim olacaq – bilmirdim!

Mən sonuncu şairiydim o dövrün...
... sular axıb çuxuruna dolurdu.
Yer üzündə dəvə-səhra dövrüydü,
səhra gedir, ağ dəvələr qalırdı.


Barmaqlarım yuxu görür...

... qaradinməz kənd yoludu,
qara yelin aşığıdı.
... gecə deyil... necə deyim,
bir ovuc ay işığıdı!

...əriş-arğac kimidi lap,
təkliyimlə iç-içədi.
... barmaqlarım yuxu görür,
bir bax, nə gerçək gecədi!

... xına-xına dərdlərimi
eh, xana-xana bağlara
ya səpərəm göyərsinlər
ya barxana bağlaram.

... bir bax, nə zülmət gecədi!
Kim adımı tutub gəlir?
Əvvəl xatırlayır məni,
son anda unudub gəlir!


Süfrə...

... yox, mənim aclığım təzə ki deyil!
Eh... toxun xəbəri yoxdu ki acdan!
Mənim gecə-gündüz yediyim dərddi,
yeyib dolanıram dərdi bir ucdan...

Mən öz dərdlərimi yeyirəm hər gün,
yeyirəm-içirəm, doymuram dərddən!..
Dərdnən saxlayıram canımı, neylim!
Canım korluq çəksin – qoymuram dərddən!..

Bax, süfrəmdə dərd var, nə qədər desən –
yenə başdan-başa dərdnən doludu!
Çəkib ciyərini sökürəm dərdin,
yediyim bu tikə dərdin qoludu...

Uzanıb yatıram qarnımın üstdə...
Eh, Allah nə xəbər alacaq acdan?
Mənimki gətirib ölən deyiləm,
yeyib dolanıram dərdi bir ucdan...

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar